logo

    Cəfər Cabbarlı adına AZƏRBAYCANFİLM kinostudiyası. 1923-cü ildə əsası qoyulan «Azərbaycanfilm» milli kinomuzun məbədi, köklü tarixə malik kinostudiyadır. Yarandığı gündən bəri studiyada 1500-dən çox tammetrajlı və qısametrajlı bədii, sənədli, animasiya filmləri, həmçinin yüzlərlə xronika və süjetlər istehsal edilib.

“Azərbaycanfilm” kinostudiyasının qısa tarixi

    1895-ci ilin dekabrında dünyamızda ilk qədəmlərini atan kino sənəti cəmi üç il sonra – 1898-ci ildə Azərbaycana da gəlib çıxır. 1898-ci ilin yanvar ayında Bakıda ilk film nümayişləri təşkil olunur. Bu, əsasən, Fransada çəkilmiş kinosüjetlər idi.
    Bakı foto dərnəyinin katibi, fotoqraf Aleksandr Mişon 1898-ci ilin may ayından başlayaraq, Bakı həyatından bəhs edən bir neçə süjet çəkir. Onların arasında «Bibiheybətdə neft fontanı yanğını», Əlahəzrət Buxara əmirinin «Velikiy knyaz Aleksey» paroxodunda yolasalma mərasimi, «Qafqaz rəqsi», «İlişdin» kinosüjetləri də var idi. Lümyer qardaşları bu kinosüjetləri izlədikdən sonra bir neçəsini alıb öz kolleksiyalarına daxil ediblər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilib və bu günədək də orada qorunub saxlanılır. 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə bu kinosüjetlərdən ikisinin surətləri — «Bibiheybətdə neft fontanı yanğını» və «1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı» Bakıya gətirilib. Hər ikisi hazırda Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılır.
    Ötən əsrin əvvəllərində xarici kinoşirkətlər Bakıda film istehsalına diqqət yönəltməyə başlayıblar. Pirone qardaşlarının kinofabriki, “Pate” şirkəti, “Filma” səhmdar cəmiyyəti və başqaları Bakıda film çəkilişləri həyat keçiriblər.
    1920-ci il iyulun 4-də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov kinematoqrafiya və fotoqrafiya müəssisələrinin milliləşdirilməsi haqqında dekret imzaladı. Xalq Mədəniyyət Komissarlığının tərkibində İncəsənət şöbəsi yaradıldı. Xalq Komissarları Sovetinin 1923-cü il 5 mart tarixli xüsusi dekreti ilə Azərbaycan Foto-Kino İdarəsi fəaliyyətə başladı.
    1920-ci il dekabrın 20-də Azərbaycan Xalq Maarif Komissarlığı kollegiyasının iclasında “Kinematoqrafiya filmləri fabrikinin açılışı haqqında” qərar qəbul etdi.
    1923-cü il aprelin 28-də AFKİ nəzdində I Dövlət Kinofabrikinin açılış mərasimi keçirildi.
    “Azərbaycanfilm” kinostudiyasının tarixi də məhz həmin hadisədən başlayır. “Şərq xalqları” küçəsi ilə (indiki “Azadlıq” prospekti) “Birja” küçəsinin (indiki “Üzeyir Hacıbəyli” küçəsi) kəsişdiyi yerdə inqilabdan əvvəl “Renessans” restoranı, onunla bir cərgədə müxtəlif anbar binaları yerləşirdi. Həmin restoran və anbar binaları AFKİ-nin ixtiyarına verildi. Binanın daxili quruluşu kinofabrikə uyğun şəkildə dəyişdirildi: restoran zalı xeyli genişləndirildi, xırda otaqların arakəsmələri götürüldü, divarlar hündürləşdirildi. Beləliklə, iri zal 36×16 metr sahəsi olan yeni kinopavilyona çevrildi. Həyətdəki limonad zavodu söküldü və onun yerində plyonka emalı üzrə sex və digər yardımçı binalar inşa edildi. Xaricdən kino avadanlığı gətirildi.
    Hökumət üzvü Səməd Ağamalı oğlunun və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 1923-cü il aprelin 28-də kinofabrikin rəsmi açılışı oldu.

Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırıldı:

  • 1923-1926 — AFKİ-nin I Dövlət Kino Fabriki
  • 1926-1930 – “Azdövlətkino” (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi)
  • 1930-1931 – “Azərkino”
  • 1932-1933 – “Azərfilm”
  • 1934-1935 – “Azdövlətkinosənaye” (Oktyabrın X illiyi adına kinofabrik)
  • 1935-1938 – “Azərfilm” (Azərbaycan Foto-Kino Sənayesi idarəsi)
  • 1939-1958 — Bakı kinostudiyası
  • 1958-1960- “Azərbaycanfilm” kinostudiyası

    Azərbaycan SSR Nazirlər Sovetinin 20.04.1959 tarixli qərarı ilə kinostudiyaya Cəfər Cabbarlının adı verildi. Beləc, 1960-cı il aprelin 20-dən etibarən kinostudiya böyük dramaturqun adını daşıyır.
    Kinostudiyanın yeni binasının əsası 1951-ci ildə qoyulsa da, 15 ildən sonra tam hazır olub. 14 hektar ərazi kinostudiyaya müddətsiz və təmənnasız verilib. 1966-cı ildə bu binada kino istehsalına başlanılıb.

Azərbaycanfilmi sosial şəbəkələrdə izləyin
youtubefacebookfacebookfacebook

Kinometraj

logo

Keçmişin kino salnaməsi, gələcək nəsillərə mirasdır. Klassik Azərbaycan filmlərini bir araya gətirərək onları yenidən yaşadırıq.

kinometraj@gmail.com

Bütün hüquqlar qorunur. © 2025

Developed by powered